Maddənin həqiqi mahiyyəti

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.
Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür.
Allahın varlığını tanımayanların anlamadığı məqam da budur. Bu insanlar Allahı gözləriylə görmədikcə, Onun varlığına iman etməməyə şərtləniblər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən “yaradılış” gerçəyini gizlətmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalırlar və yalanlara müraciət edirlər. Təkamül nəzəriyyəsi, bu mövzuda müraciət edilən yalanların, nəticəsiz çırpınışların ən çox nəzərə çarpan nümunəsidir.
İnkar edənlərin əsas səhv cəhətini, əslində Allahın varlığını inkar etməyən, ancaq yanlış Allah inancına sahib olan bir çox insan tərəfindən də paylaşılır. Cəmiyyətdə çoxluq təşkil edən bu insanlar yaradılışı rədd etmirlər, ancaq Allahın “harada” olduğuna dair qəribə, batil inancları var: Bu insanların çoxu Allahın “göydə” olduğunu hesab edir. Şüuraltındaki düşüncələrinə görə sanki, Allah çox uzaqdakı bir planetin arxasındadır və nadir hallarda “dünya işlərinə” müdaxilə edir. Ya da heç vaxt müdaxilə etmir; kainatı yaratmış və özbaşına buraxmışdır, insanlar isə öz talelərini özləri yazırlar…
Bəziləri də Quranda ifadə edilən Allahın “hər yerdə” olduğuna dair ayəni eşitmiş, lakin bunun mənasını tam olaraq dərk edə bilməmişdir. Şüuraltındaki bu batil düşüncələrinə görə, Allahın sanki radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi maddələrdən ibarət olduğunu zənn edirlər (Allahı tənzih edirik).
Halbuki bu düşüncə və yuxarıda qeyd etdiyimiz Allahın “harada” olduğunu heç cür anlamayan (bəlkə də buna görə Onu inkar edən) düşüncələr ortaq bir səhv cəhətə əsaslanırlar: heç bir təməli olmayan bu önyarqını mənimsəməklə Allahla bağlı zənnə düşürlər. (Önyarqı – qabaqcadan əmələ gəlmiş yanlış fikir, mühakimə edilməmişdən əvvəl əldə edilən nəticə. İngiliscə qarşılığı “prejudice”.)
Bu önyarqı nədir?..
Bu önyarqı maddənin varlığı və mahiyyəti ilə bağlıdır. Maddənin var olduğuna o qədər şərtlənmişik ki, görəsən həqiqətən varmı, yoxsa ancaq kölgə varlıqdır, heç bu haqda düşünməmişik. Halbuki müasir elm bu önyarqını da yıxaraq çox mühüm və təsirli gerçəyi ortaya qoyur.

1 yorum: