Qavrayan Kimdir?

İçində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.
Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək.
Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali kəllə və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.
Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil.Beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekullarından fərqli bir şey çıxmır. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edən, bu görüntüləri şərh edən, şüuru meydana gətirən, bir sözlə “mən” dediyimiz anlayışı yarada bilən bir şey yoxdur.
R.L. Qreqori (R.L. Gregory) beyinin içində görüntünün qavranılması ilə bağlı insanlarda yaranan səhv təəssüratı belə ifadə edir:
“Gözlərin beyində şəkillər meydana gətirdiyini iddia edən fikirlər var. Lakin belə fikirlərdən uzaq durmaq lazımdır. Şəklin beyində meydana gəldiyi deyilir, bu şəkli görmək üçün beyində daha bir göz olmalıdır. Həmçinin, bu gözün şəklini görmək üçün daha bir gözə ehtiyac olacaq… və bu da sonsuz göz və şəkil olmasını tələb edir. Bu isə mümkün deyil.
Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl tələ buradır: görən, gördüyünü qavrayan və reaksiya verən “daxildəki göz” kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında, hiss edənin kim olduğu ilə bağlı bu fikirlərə diqqət çəkmişdir:
“Qədim Yunan mədəniyyətindən bəri, filosoflar “cihazın içindəki xəyal”, “kiçik insanın içindəki kiçik insan” və s. haqqında düşünürlər. “Mən” -beyini işlədən varlıq haradadır? Bilməyi reallaşdıran əslində kimdir? Assisili Francisin də söylədiyi kimi: “Baxanın nə olduğunu axtarırıq.”
İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, bir sözlə, bütün görüntülər beyninizin içində görülür. Yaxşı bu görüntüləri atomlar görə bilərmi? Həm də kor, kar, şüursuz atomlar… Niyə atomların bir qismi bu xüsusiyyətləri qazanmış, digərləri qazana bilməmişdir?… Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarət ola bilərmi? Bu sualları diqqətlə düşündüyümüzdə atomlarda iradə, şüur axtarmağın mənasız olduğunu görərik. Aydındır ki, görən, eşidən və hiss edən varlıq, maddədən daha dərin bir varlıqdır. Bu varlıq “canlı”dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə əlaqəyə keçir.
Məhz bu varlıq “ruh”dur.
“Maddi dünya” dediyimiz qavrayışlar cəmi, məhz bunlar, ruh tərəfindən seyr edilən xəyaldır. Yuxumuzda sahib olduğumuz bədənimiz və yuxumuzda gördüyümüz maddi dünyanın əsli olmadığı kimi, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi əsli yoxdur.
Gerçək olan varlıq, ruhdur. Maddə isə yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıq, atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyaların nəticəsi deyil, “ruh”dur.

2 yorum: